İzahlı muğam lüğəti

 

Musiqi ictimaiyyətinə dəyərli töhfə

  

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası mədəni və elmi ictimaiyyətə, muğamsevərlərə yeni nəşr təqdim etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə ithaf olunan “İzahlı muğam lüğəti” mütəxəssislər, tədqiqatçılar, ifaçılar, müəllim və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır.

  

   Layihənin rəhbəri, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, məsləhətçisi, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, müəllifi, tərtibçisi və elmi redaktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədovdur. KitabApostrofçap evində yüksək poliqrafik səviyyədə, nəfis şəkildə nəşr olunmuşdur.

   Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyası və “Musiqi dünyası” jurnalının birgə layihəsi olan “İzahlı muğam lüğəti” eyni zamanda ingilis dilində də tam mətni əhatə edir: “Explanatary Mugham Dictinary”.

   Professor F.Bədəlbəylinin yazdığı “Ön söz”də bu yubiley layihəsinin məramı haqqında oxuyuruq: “Ulu öndərimiz öz böyük diqqət və qayğısını musiqi incəsənətimizdən də əsirgəməyərək bu sahəyə xüsusi maraq göstərmişdir. Demək olar ki, ən görkəmli musiqiçilər onun yaxın və səmimi dostu idi. Bunun başlıca səbəbi ulu öndərin musiqiyə olan məhəbbəti idi. Biz sənətkarlar onun tövsiyələrindən çox bəhrələnmişik. Elə bu layihəni də həmin tövsiyələrdən biri kimi təqdim edirik. Əminik ki, hazırladığımız “İzahlı muğam lüğəti” ulu öndərin ruhu qarşısında bizim mənəvi borcumuzun bir zərrəsidir”.

   Professor Tariyel Məmmədov layihənin əsas missiyasını belə ümumiləşdirir: “Məlumdur ki, hər bir xalqın mədəniyyətinin inkişaf səviyyəsi onun tarixinin, soykökünün, mədəni irsinin qayğıkeşliklə qorunmasıdır. Muğamlarımız isə nəinki bizim, dünyanın mənəvi dəyərlər sisteminin ən nadir incilərindəndir və onun qorunub gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur”.

   Oxucuların nəzərinə çatdıraq ki, musiqi lüğəti və muğam terminologiyası sahəsində ilk addım görkəmli musiqişünas, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli tərəfindən atılmışdır. 1969-cu ildə “Elm” nəşriyyatında işıq üzü görən “İzahlı monoqrafik musiqi lüğəti”ndə Ə.Bədəlbəyli muğamlar, şöbə və guşələr, onların adları, etimologiyası, ifaçılığı haqqında qiymətli məlumatları ilə əslində, muğamın nəzəri və praktik terminologiyasının elmi əsaslarını yaratmışdır. Yeri gəlmişkən, professor T.Məmmədov Ə.Bədəlbəylinin bu lüğətinin geniş elektron versiyasını hazırlamış, internet saytını yaratmışdır. Bu layihə bir neçə il əvvəl - Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyində Fərhad Bədəlbəylinin rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Hazırda “Musiqi lüğəti” saytı yalnız tədqiqatçılar üçün deyil, müəllim və tələbələr, ifaçılar üçün də həm məlumat, həm də tədris mənbəyidir.

   Terminoloji aspektdən həyata keçirilən çox mühüm işlərdən biri də Heydər Əliyev Fondunun ideyası və layihəsi olanMuğam ensiklopediyası”dır. Ensiklopediyanın tərtibində, hazırlanmasında, məlumat və mənbələrin dəqiqləşdirilməsində, sistemləşdirilməsində yenə də professor Tariyel Məmmədovun əməyini qeyd etmək vacibdir. “İzahlı muğam lüğəti” həmin nəşrlərdən bəhrələnməklə yanaşı, bu sahədə görülən işlərin uğurlu davamı və yeni mərhələsi kimi həyata keçirilmişdir.

   Kitab üç hissədən ibarətdir. Birinci hissə muğama aid anlayış və terminləri, onların izahını əhatə edir. Burada anlayış və terminlərin izahı əlifba sırası ilə tərtib olunmuşdur. İkinci hissə “Sözlükdür ki, burada terminlərin ad və səhifə göstəricisi verilmişdir. “Azərbaycan muğam kolleksiyası” adlı üçüncü bölümdə lüğətə daxil edilən 4 ədəd MP3 formatlı albom-disklərin ayrı-ayrılıqda mündəricatı təqdim olunmuşdur.

   Dörd albom-diskə muğam, zərbi-muğam, şikəstə, təsnif və xalq mahnılarının möhtəşəm ifaları daxildir. Onların əksəriyyətini XX əsrin əvvəllərinə, ortalarına məxsus valların bərpa olunmuş səs yazıları təşkil edir. 1-ci və 2-ci albom kişi xanəndələrin, 3-cü albom qadın xanəndələrin müşayiətli səs yazılarından ibarətdir. Dördüncü alboma isə muğam dəstgahları, zərbi-muğamlar və şikəstələr daxildir.

   İlk iki albomda muğam dinləyicilərinə qüdrətli sənətkarlar Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, İslam Rzayev, Şəkili Ələsgər, Seyid Mirbabayev, Hüseynağa Hacıbababəyov, Hacıbaba Hüseynov, Ağabala Abdullayev, Əlibaba Məmmədov, Qulu Əsgərov və digər görkəmli xanəndələrin ifaları təqdim olunmuşdur.

   Üçüncü albomda muğamsevərlər görkəmli qadın müğənnilərin - Yavər Kələntərli, Həqiqət Rzayeva, Sürəyya Qacar, Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Gülxar Həsənova, Tükəzban İsmayılova və başqalarının ifasını dinləyə bilərlər. Bu audio vəsaitlər vasitəsilə Azərbaycan muğam-ifaçılıq sənətinin bütün nəsillərini, hətta dövrümüzün gənc xanəndə-sazəndələrini dinləmək mümkündür. Digər tərəfdən, “Lüğət”də ayrı-ayrı illərdə, dövrlərdə yaşayan ustad sənətkarların fotoları da yerləşdirilmişdir ki, bu da muğam mədəniyyəti ilə əyani tanışlıq imkanı yaradır.

    “İzahlı muğam lüğəti”ndə muğam terminlərinin ilk dəfə ingilis dilində təqdim olunması və izah edilməsi beynəlxalq səviyyədə muğama daim artmaqda olan bədii və elmi maraqlar müstəvisində olduqca gərəkli bir işdir. “Lüğət”in daha bir böyük dəyəri onun məhz muğam tədrisi üçün müasir dərs vəsaiti olmasındadır. İstər fortepiano, bəstəkarlıq, musiqişünaslıq, orkestr alətləri, istər xanəndə, tar, kamança, balaban, qanun ixtisasları üzrə təhsil alan tələbələrin muğama dair bilik və məlumatlarının artmasında bu lüğət müəllim və tələbələr üçün qiymətli bir vəsaitdir.

  

   Ariz Abduləliyev,

 

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 13.